"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“inzibati nəzarət icraatı zamanı aşkar olunan nöqsanlar və onların səbəbləri”

--2017-12-18 / 17:18

Ölkəmizdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ədliyyə Nazirliyinə həvalə edilmişdir. Bununla əlaqədar Nazirlik tərəfindən müvafiq normativ hüquqi sənədlər hazırlanmış, o cümlədən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili” haqqında Təlimat təsdiq edilmişdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüququi aktlara riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir.

Artıq ölkəmizdə bələdiyyələrin fəaliyyətə başlamasından xeyli zaman keçmiş, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktları xeyli təkmilləşdirilmiş, çoxsaylı maarifləndirmə işləri aparılmışdır.

Cari ildə ədliyyə Nazirliyi üzrə iş planında nəzərdə tutulan tapşırığın icrası ilə əlaqədar Bələdiyyələrlə iş mərkəzi tərəfindən torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı profilaktik tədbirlər gücləndirilmişdir.

Bələdiyyə aktlarının ekspertizası və müraciətlər üzrə apaılmış araşdırmalar zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3000-ə yaxın tövsiyə göndərilmişdir. Onlar yerli büdcənin müzakirəsi, protokolların düzgün tərtibi, bələdiyyə torpaqlarının idarə olunması, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməsi, yerli vergilərin yığılması, aktların inzibati nəzarət orqanına vaxtında təqdim edilməsi, və digər məsələlərlə bağlı olmuşdur. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının zəruriliyi göstərilmişdir.

Bununla belə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin aparılması işinin təhlili göstərir ki, hələ də bəzi bələdiyyələr tərəfindən ciddi qanun pozuntularına yol verilməkdədir. Yol verilən pozuntular əksər hallarda torpaq qanunvericiliyinin tələblərinin pozulması, maliyyə vəsaitlərinin qanunsuz xərclənməsi və  bələdiyyə işinin düzgün təşkil olunmaması ilə bağlıdır.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun tələblərinə uyğun olaraq 2017-ci ilin müvafiq dövrü ərzində inzibati nəzarət qaydasında baxılması üçün inzibati nəzarəti həyata keçiriən ədliyyə orqanlarına  icraatına 44.000-dən çox bələdiyyə aktı daxil olmuşdur. Bu aktların hər birinin hüquqi ekspertizası aparılmış və nəticədə 1.719 akt dəyişdirilməsi və ya ləğv edilməsi məqsədi ilə təkliflər verilmişdir. Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən qəbul etdilən aktların 564-ü  dəyişdirilərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılmış, digər aktlar isə ləğv edilmişdir. Ləğv olunan bələdiyyə aktları əsasında 2.000 hektardan çox torpaq sahəsiilə bağlı verilmiş qərarlar ləğv olunmuş, qanunsuz xərclənmiş pul vəsaitlərinin bələdiyyə büdcəsinə qaytarılması təmin etdirilmişdir.

Təəssüf  hissi ilə qeyd etmək istəyirəm ki, hələdə bir sıra bələdiyyələr tərəfindən bələdiyyə aktları inzibati nəzarət qaydasında baxılması üçün inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarına vaxtında təqdim edilmir və yaxud qanunla müəyyən olunmuş müddətdən gec təqdim olunur. Bu isə özlüyündə inzibati məsuliyyət yaradir. Cari ilin ötən dövru ərzində belə pozuntuya yol vermiş 70-dən çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir..

Onu da qeyd edim ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minmiş inzibati Xətalar Məcəlləsində mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməməsinə görə cərimənin artırılması və həyata keçirilmiş maarifçilik tədbirləri inzibati hüquq pozuntularının azalmasına əhəmiyyətli təsir etmişdir.

Təhlillərimiz göstərir ki, bəzi bələdiyyələr tərəfindən büdcə itizamı pozularaq büdcədə nəzərdə tutulmayan xərclərə yol verilməsidir, belə ki, bələdiyyə iclasının qərarı olmadan maliyyə vəsaitləri ayrılır, bələdiyyənin ümumi büdcəsinin 50 faizdən çox hissəsi qanuna zidd olaraq əmək haqqına ödənilir, qanunsuz ödənişlər həyata keçirilərək bələdiyyələrin səlahiyyətlərinə aid olmayan işlərə maliyyə vəsaitləri israf olunur, bələdiyyə iclasının qərarı olmadan torpaq sahələri dövriyyədən qanunsuz çıxarılır.

Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Lakin bəzi bələdiyyələr tərəfindən pul vəsaitləri xərcləndikdən sonra yerli büdcədən silinməsi barədə qərarlar qəbul edilir, ayrılmış maliyyə vəsaitlərinin miqdarı qərarda göstərilmir. Xüsusilə vurğulamaq istərdim ki, maliyyə vəsaitinin ayrılması bələdiyyə iclasının səlahiyyətinə aiddir.

“Büdcə sisitemi haqqında” Qanuna əsasən yerli büdcə bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.

Həmin qanuna əsasən yerli büdcələrin icrası prosesində bələdiyyələr büdcənin dəqiqləşdirilməsi barədə qərar verə və müvafiq qaydada dəyişikliklər apara bilərlər. Bundan başqa  bələdiyyələr yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna nəzarət etməyə borcludurlar. Unutmamalıyiq ki, Maliyyə əməliyyatları apararkən qaydalara riayət edilməməsi, maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmaması ciddi qanun pozuntusudur.

Bələdiyyələr tərəfindən büdcə ilə bağlı qeyd edilən məsələlərə diqqətin artırılması və “Büdcə sistemi haqqında“ Qanunun tələblərinə ciddi əməl edilməsinin vacibliyi barədədə Bələdiyyələrlə iş mərkəzi tərəfindən çoxsaylı tövsiyələr hazırlanaraq bələdiyyələrə göndərilmişdir.

Rast gəlinən digər pozuntulardan biri də Bələdiyyələrin özlərinin vergi xidməti orqanları olduğu halda, vergi xidməti göstərilməsi və tədiyyə bildirişlərin paylanması üçün kənar şəxslərlə müqavilələr bağlanaraq əlavə pul vəsaitləri xərclənir, Bildirişləri paylayan şəxslərə isə bələdiyyə qulluqçularına ödənilən əmək haqqından da artıq ödəmələr aparılır. Halbuki, müvafiq bildiriş qanunvericilikdə nəzərdə tutulduğu kimi poçt vasitəsi ilə göndərilsə ayrılmış pul vəsaiti dəfələrlə az olar. Misal üçün bir bildirişi sifarişli  50 qəpiyə göndərmək mümkün olduğu halda müqavilə ilə işləyən müfəttişlərə topladıqları pulun 18-25 faizə qədəri  vəsait ödənilir.

Torpaq qanunvericilinin tələblərinin pozulması halları ilə bağlı isə əsasən torpaqların məqsədli təyinatı üzrə istifadə edilməməsi, kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrılması, bələdiyyənin mülkiyyət hüququ tanınmadan torpaq sahələrinin satılması, müvafiq icra hakimiyyətləri orqanlarının rəyləri alınmadan və hərrac və ya müsabiqə keçirilmədən torpaq sahələrinin qanunsuz icarəyə verilməsi, satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsi, hərraca çıxarılan torpaqların dəyərinin hərracdan qabaq ödənilməsinə yol verilməsi, torpaqların real bazar dəyərindən dəfələrlə ucuz qiymətə satılmasına yol verilir.

Qeyd olunan və digər qanun pozuntuları ilə bağlı cari ilin ötən dövrü ərzində inzibatı nəzarət icraatı qaydasında aparılmış araşdırmalar nəticəsində 24 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri barədə  toplanmış materiallar baxılaraq hüquqi qiymət verilməsi üçün aydiyyatı istintaq orqanlarına göndərilmişdir, Onlardan bəzilərini diqqətinizə çatdirmaq istərdim:

- ismayıllı rayonunun Basqal bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin dəyərindən ucuz və bələdiyyə iclasının qərarı olmadan bələdiyyə sədri tərəfindən təkbaşına satılması.

şəmkir rayonu Yeni Həyat bələdiyyəsinin sabiq sədrləri tərəfindən bələdiyyə büdcəsindən pul vəsaitinin qanunsuz silinməsi və torpaq sahəsinin qanunsuz satılması,

Ağstafa rayonu Köçəsgər bələdiyyəsinin sədri tərəfindən torpaq sahəsinin bələdiyyə iclasının qərarı olmadan təkbaşına satılması, bələdiyyə iclasının qərarı olmadan maliyyə vəsaitinin büdcədən silinməsi.

Salyan rayonu Sarvan bələdiyyəsinin sabiq sədri tərəfindən  icarə haqqları, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahələrinin bələdiyyə büdcəsinə ödəniləcək rüsumunun vətəndaşlardan nəğd şəkildə alınaraq yerli büdcəyə mədaxil edilməməsi, təmir işlərinin görülməsi adı altında saxta aktlar tərtib edilərək pul vəsaitlərinin bələdiyyə sədri tərəfindən götürülməsi, poçt qəbzlərinin saxtalaşdırılması, bələdiyyə iclasının qərarı olmadan torpaq sahəsi (hərracsız) icarəyə verilmişəsini. bələdiyyə sədrinin bu qanunsuz hərkətləri nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması aşkar edilmişdir.

Oxşar qanun pozuntuları Tərtər rayonunun əskipara,  Masallı rayonu Qarğalıq bələdiyyələrinin fəaliyyətindədə rast gəliməkdədir.

Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, bir sira bələdiyyələrin fəaliyyətində özlərindən asılı olmayan problemlərdə mövcuddur.  Məsələn:

-bəzi bələdiyyələrin inzibati binası olmadığından onlar icarə haqqı ödəməli olurlar. Belə vəziyyət isə bələdiyyənin səmərəli fəaliyətinə ciddi maneə törədir.

-bələdiyyə mülkiyyətində olan torpaqların vətəndaşlar tərəfindən zəbt edilməsi halları geniş yayılsa da, bələdiyyələr tərəfindən onların qarşısının alınması üçün tədbirlər qaneedici deyil.

Qanunvericiliyə görə bələdiyyə torpaqlarının qısa müddətli kiçik sahibkarıq fəaliyyəti və kənd təsərrüfatı ehtiyacları üçün mövsümi olaraq icarəyə verilməsi yalnız hərrac və ya müsabiqə qaydasında həyata keçirilməlidir. Ancaq hərrac və ya müsabiqənin təşkilinin müəyyən prosedur qaydaları olduğundan, bu prosesin uzanması nəticəsində torpaq sahələrinin mövsümi olaraq icarəyə verilməsi öz aktuallığını itirmiş olur. Belə vəziyyət  mövsümi icarə iə bağlı qanun pozuntularına şərait yaradır.

Bəzi bələdiyyələrin əraziləri ilə bağlı problemlərin həll olunması  bələdiyyələrin işinə müsbət təsir edə bilər.

Sonda qeyd etmək istərdim ki, bələdiyyələrdə qanun pozuntularının qarşısının alınması, qanunçuluğun gücləndirilməsi məqsədi ilə ardıcıl olaraq tədbirlərimiz davam etdirilir.

 Ruslan Osmanlı

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin inzibati nəzarət idarəsinin rəisi

P.S.  Məqalə “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr” konfransda  ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin inzibati nəzarət idarəsinin rəisi Ruslan Osmanlının “inzibati nəzarət icraatı zamanı aşkar olunan nöqsanlar və onların səbəbləri” mövzusunda məruzəsi əsasında hazırlanıb.

ŞƏRHLƏR